MİNFAKT

Məlumat əldə et, əylən…

ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ


 İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:  yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;

oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;

lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;

öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;

məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;

zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;

müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;

ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;

sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;

müəyyən olunmuş normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;

öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi;

insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli münasibət göstərməyi;

Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərləri, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında qazandığı ilkin bilikləri, habelə ölkəsinə qarşı əks mövqedə olan qüvvələri sadə formada təqdim etməyi;

xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi.

Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri

Ümumi orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:

dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan mətnləri təhlil etməyi, onların məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı;

nitqin monoloq və dialoq formalarından istifadə etməyi;

plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı;

nümunələr və dəlillər vasitəsilə fikirlərini məntiqi cəhətdən əsaslandırmağı, müxtəlif fikirlərdə ifadə olunan başlıca məqamları ümumiləşdirməyi;

hesablamalar və proqnozlaşdırma aparmağı, riyazi dildən istifadə etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi;  ətraf aləmi dərk etmək üçün müşahidə, ölçmə, hesablama, təcrübə, qiymətləndirmə üsul və vasitələrindən istifadə etməyi;

təbiətdəki əsas qanunauyğunluqların mahiyyətini və onların qarşılıqlı əlaqəsini izah etməyi; müxtəlif fakt,

mülahizə və dəlilləri müqayisə, təsnif və təqdim etməyi; təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi;

təlim tapşırıqlarını yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompüter, internet, dövri mətbuat və s.) istifadə etməyi;

öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi;

gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşılaşdığı problemlərin optimal həllini tapmağı;

sadə formada icraçılıq, təşkilatçılıq və idarəetmə bacarıqlarını nümayiş etdirməyi;

ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;

milli, əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə, liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirməyi;

problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;

xarici dildə ünsiyyət qurmağı;

ana dilində yazılı və şifahi ünsiyyət bacarıqlarına yiyələndiyini, ölkəsinin ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri barədə, habelə vətəninə qarşı əks mövqedə dayanan qüvvələr haqqında müvafiq məlumatlara malik olduğunu nümayiş etdirməyi.
Tam orta təhsil üzrə ümumi təlim nəticələri

Tam orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır: dinlədiklərinə və oxuduqlarına tənqidi və yaradıcı münasibət bildirməyi, maraq dairəsinə görə onları yeni məlumatlarla zənginləşdirməyi;

nitqin müxtəlif formalarından məqamına görə istifadə etməyi;

fikirlərini yazılı formada ifadə etməyi, yaradıcı yazılar (esse, müşahidə və təəssürat xarakterli yazılar və s.) yazmağı;

ictimai həyatda baş verən hadisələrə və sosial-mədəni sahələrdəki yeniliklərə yaş səviyyəsinə uyğun olaraq münasibət bildirməyi;

maraq dairəsinə görə müstəqil məlumatlar toplamağı, onları sistem ləşdirməyi, təhlil və tətbiq etməyi; informasiya-kommunikasiya texnologiyalarından həyat fəaliyyətinin təşkili istiqamətində istifadə etməyi;

qarşılaşdığı həyati problemləri qiymətləndirməyi və onların həlli isti qamətində optimal qərarlar qəbul etməyi;

potensial imkanları daxilində mövcud bilik və bacarıqlarını təkmilləşdir məyi, mədəni və intellektual səviyyəsini yüksəltməyi;

insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, milli əxlaqi-mənəvi dəyərlərə, habelə ümumbəşəri dəyərlərə həssas və tolerant münasibət bəsləməyi;
xarici dildə (dillərdə) ünsiyyət saxlamağı;

icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi və bu proseslərdə liderlik xüsusiyyətlərini nümayiş etdirməyi;

ana dilində yazılı və şifahi nitq mədəniyyətinə yiyələndiyini, ölkəsinin ədəbiyyatı, tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, habelə Vətənin mənafeyinə qarşı olan əksqüvvələr haqqında ətraflı məlumatlara malik olduğunu nümayiş etdirməyi.
Ümumi orta təhsil səviyyəsində məzmun standartları

“Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə şagird:

dinlədiyi mətnlərə münasibət bildirməklə, mövqeyini əsaslandırır;

mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;

dil vahidlərindən istifadə etməklə, müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları təkmilləşdirir;

müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir; şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə şagird:

dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir;

şüurlu və ifadəli oxu bacarıqlarını nümayiş etdirir;

müxtəlif formalı rabitəli mətnlər qurur və təqdim edir;

öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir;

nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə edir, tərcümə bacarığını nümayiş etdirir.

“Ədəbiyyat” fənni üzrə şagird: ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;

yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqli ifadə edir, ümumiləşdirmələr aparır;

ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;

müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;

şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;

ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;

ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir. “Xarici dil” fənni üzrə şagird: dinlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir;

dialoji və monoloji nitq bacarıqlarını nümayiş etdirir;

dilin öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaş larının nitqinə münasibət bildirir;

fikirlərini yazılı ifadə edir;

lüğətlərdən, əlavə materiallardan, texnoloji vasitələrdən istifadə edir, sadə mətnləri tərcümə edir.

“İkinci xarici dil” fənni üzrə şagird: dinlədiyi fikrin məzmununu izah edir;

əşya və hadisələri, onlara aid əlamətləri ifadə edir;

sadə nitq etiketləri əsasında ünsiyyət qurur; yeni sözlərin mənasını lüğət vasitəsilə müəyyən edir;

kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir;

kiçikhəcmli şifahi və yazılı mətnlər qurur.

“Riyaziyyat” fənni üzrə şagird: ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;

simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;

rasional ifadələr üzərində eynilik çevrilmələri aparır, xətti və kvadrat tənlikləri, xətti bərabərsizliklər sistemini həll edir; funksiya anlayışından və qrafiklərdən real asılılıqların öyrənilməsində və şərhində istifadə edir;

müstəvi fiqurlarının və sadə fəza cismlərinin xassələrini praktik həndəsi məsələlərin həllində tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparır;

riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;

statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır;

mühakimələrini məntiqi əsaslandırır, yazılı və şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə edir;

müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;

fəaliyyətini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir.

“İnformatika” fənni üzrə şagird: informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;

gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;

kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;

mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;

qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir; obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;

obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;

informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsini və ötürül mə sini nümunələr əsasında izah edir;

şəbəkə növləri vasitəsilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;

müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir; elektron cədvəllərdən istifadə etməklə, yeni sənədlər tərtib edir;

müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, sadə “Web” səhifələr yaradır.

“Azərbaycan tarixi” fənni üzrə şagird: tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;

sivilizasiyaların formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin in kişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini şərh edir;

tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə müna sibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.

“Ümumi tarix” fənni üzrə şagird: tarixi dövrləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir;

tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf tendensiyalarını, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;

müxtəlif tarixi mənbələri araşdırmaqla, lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.

“Fizika” fənni üzrə şagird: təbiət hadisələrini xarakterinə görə qruplaşdırır və onların başvermə səbəblərini fiziki qanunlar əsasında izah edir;

təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir;

fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;

fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;

fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizikalimlərin yaradıcılığı barədə təqdimatlar edir.

“Kimya” fənni üzrə şagird: kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrübələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir;

maddələrin quruluşunu, xassələrini, onların çevrilməsinin səbəblərini izah edir;

maddələrin çevrilməsini tətbiq və idarə edir;

ətraf aləmə həssas və qayğıkeş münasibət nümayiş etdirir, müşahidə etdiyi hadisələri ümumiləşdirib təqdim edir; kimya sahəsində görkəmli alimlər və onların xüsusi əhəmiyyətə malik elmi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir.

“Biologiya” fənni üzrə şagird: canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir;

bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə edir, nəticələri ümumiləşdirir, onları şərh edir;

canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir;

bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;

fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərdən ekoloji problemlərin aradan qaldırılmasında istifadə edir;

zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.

“Coğrafiya” fənni üzrə şagird: təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir;

coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər əsasında şərh edir;

müxtəlif şərait və vəziyyətlərdə ətraf mühitin öyrənilməsində coğrafi cihazlardan istifadə edir;

müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək, müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;

Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir, onların əsasında təqdimatlar edir.

“Həyat bilgisi” fənni üzrə şagird: müvafiq normativ hüquqi sənədlərdə təsbit olunmuş insan hüquq və azadlıqlarına dair müddəaların mahiyyətini konkret tarixi hadisələrin, faktların, ədəbi əsərlərin nümunəsində şərh edir, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşdığını nümayiş etdirir;

zərərli vərdişlərin insan həyatı üçün təhlükəli olduğunu və ağır nəticələr verdiyini konkret nümunələr əsasında şərh edir, sağlam həyat tərzi keçirdiyini gündəlik fəaliyyətində nümayiş etdirir;

həyat fəaliyyətinin təhlükəsizliyi qaydalarına yiyələndiyini yazılı və şifahi təqdimatlarında, təlim-məşq tədbirlərində nümayiş etdirir;

mənəvi-əxlaqi mövzulara həsr olunmuş müzakirələrdə, diskussiya-larda və digər tədbirlərdə müvafiq problemlərlə bağlı rəy və mülahizələrini bildirir, hadisə və faktları mahiyyətinə görə qiymətləndirməklə şəxsi mövqeyini və münasibətini büruzə verir;

gündəlik həyatda iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur, onları təqdim və tətbiq edir;

təbiət və cəmiyyət hadisələri ilə bağlı qanunauyğunluqların mahiyyətini izah edir, həmin məsələlərlə əlaqədar bu fənn daxilində əldə etdiyi məlumatları digər fənlərdəki eyni məzmunlu məlumatlarla müqayisə edir, onları sistemləşdirir və ümumiləşdirmələr aparır.

“Texnologiya” fənni üzrə şagird: müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, gündəlik məişətdə vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır;

sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir;

texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir, məmulatların hazırlanmasında onlardan istifadə edir;

şəraitə və təbii imkanlara uyğun olaraq becərmə, bəsləmə, tədarük və emaletmə bacarıqlarını nümayiş etdirir;

əmək fəaliyyətini planlaşdırır və idarə edir; iş prosesində birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir.

“Fiziki tərbiyə” fənni üzrə şagird: ayrı-ayrı hərəki qabiliyyətlərinin inkişafı üçün hərəkətlər kompleksi seçir və onları müvafiq rejim və üsullarla yerinə yetirir;

fiziki hazırlığını təkmilləşdirmək və sağlamlığını möhkəmləndirmək üçün vasitə və tədbirlər müəyyənləşdirib icra edir, hərəki qabiliyyətləri üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;

hərəki fəaliyyət prosesində müvafiq təhlükəsizlik qaydalarına, tibbi-gigiyenik tələblərə, gün rejiminə əməl edir;

kollektiv fəaliyyət zamanı öz yerini və rolunu müəyyənləşdirir, zəruri məqamlarda qabaqcıl və həlledici mövqe tutur, hərəki potensialını reallaşdırır, əməkdaşlıq bacarıqlarını nümayiş etdirir.

“Musiqi” fənni üzrə şagird: Azərbaycanın görkəmli klassik və müasir musiqi xadimləri, dünya musiqi sənətinin ta nınmış nümayəndələri, onların geniş yayılmış məşhur əsərləri haqqında təqdimatlar edir;

folklor musiqi nümunələrini, aşıq havalarını, muğamları və onların tərkib hissələrini tanıyır, musiqi əsərlərini ifa vasitələrinə görə müqayisə edir, onları janr və formasına görə fərqləndirir;

musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;

musiqi melodiyalarını notla oxuyur;

fərdi, qrup və kollektiv daxilində ifaçılıq bacarığını nümayiş etdirir.

“Təsviri incəsənət” fənni üzrə şagird: təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini izah edir;

Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında məlumatları şərh və təqdim edir;

təsviri sənət növlərini, onları təşkil edən əsas janrları ayırır, bunların xarakterik xüsusiyyətlərini izah edir;

həyati görüntüləri real, habelə abstrakt tərzdə təsvir edir;

bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə görə müqayisə və izah edir; bədii tərtibat və dizayn bacarıqlarını nümayiş etdirir.

İyul 4, 2015 - Posted by | Coğrafiyanın tədrisi metodikası | , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: